Ordu.az “The Times of Israel”ə istinadən xəbər verir ki, bazar günü gecə ən azı 27 KC-135 və KC-46 yanacaq doldurma təyyarəsi şərqə doğru hərəkət edib.
Davam edən İsrail-İran müharibəsi zamanı ABŞ HHQ-nin qitələrarası yanacaq doldurma dəstəyini təmin etmək üçün Atlantik okeanı üzərində tanker təyyarələri yerləşdirməsi diqqət çəkib.
Uçuş izləmə məlumatlarına görə, ən azı 23 KC-135 və 4 KC-46 tanker təyyarəsi bazar günü axşam saatlarında ABŞ-dəki bazalardan Yaxın Şərq və Avropaya yola düşüb. Onların sayının artmaqda davam etdiyi bildirilir.
Məlumdur ki, bu tanker təyyarələri xaricdəki hədəflərə qarşı uzun mənzilli hava əməliyyatlarında iştirak edən döyüş təyyarələrinin havada yanacaqla təmin edilməsi üçün istifadə olunur. Xüsusilə İsrailin İrana qarşı mümkün hava hücumları zamanı belə tankerlərin əməliyyatın davamlılığı baxımından kritik rol oynadığı qiymətləndirilir.
ABŞ səlahiyyətliləri sözügedən inkişafla bağlı rəsmi açıqlama verməyiblər. Bununla belə, ekspertlər bu hərəkətin bölgədə artan hərbi əməliyyatlarla birbaşa əlaqəli olduğunu deyirlər.
Sevinc Əliyeva
Ordu.az